Məhəmməd Əmin Rəsulzadə
Tam adı
Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə
Doğum tarixi 31 yanvar 1884
Doğum yeri Novxanı, Bakı
Ölüm tarixi 6 mart 1955
Ölüm yeri Ankara, Türkiyə
Vebsaytı
Məhəmməd Əmin Rəsulzadə (31 yanvar 1884, Bakı - 6 mart 1955, Ankara) — Azərbaycan siyasətçisi və publisisti, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri.
Həyatı
Azərbaycan milli istiqlal hərəkatının və təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Respublikasının təməl daşını qoyan, sonralar ömür yolu, həyatı zəngin və keşməkeşli hadisələrlə dolu bir dastana çevrilən Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da, həyata açıq gözlə baxmış, məktəb yaşına çatmış oğlunu dünyəvi elmləri öyrənməyə yönəltmişdir. Onun, oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin (1846-1942) müdir olduğu ikinci "Rus-müsəlman" məktəbinə qoyması gələcək mütəfəkkirin taleyində böyük rol oynamışdır. Buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı texniki məktəbində, rus dilində davam etdirmişdir. Onun inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə on yeddi yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı"nı yaratmışdır. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.
Siyasi fəaliyyəti
Az sonra "Müsəlman demokratik "Müsavat" cəmiyyəti" adı ilə gizli fəaliyyət göstərən bu təşkilatın bir qolu da İranda qurulmuş və burada başlamış məşrutə inqilabına istiqamət verici rəhbər qüvvəyə çevrilmişdir. M.Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, "Müxəmməs" adlı ilk əsəri "Şərqi Rus" qəzetində (1903-cü il N20) çap olunmuşdur. 1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti"nin əsasında RSDFP-nin Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət" təşkilatı" yaradılmışdır. Bu təşkilatın baniləri Mir Həsən Mövsümov (1882-1907), Məmməd Həsən Hacınski (1875-1931) və Məhəmməd Əmin Rəsulzadə olmuşlar. ("Bakinskiy Raboçiy qəzeti", N60, 18 mart, 1923-cü il). Məşədi Əzizbəyov, Nəriman Nərimanov, S.M.Əfəndiyev və başqa görkəmli inqilabçılar da 1905-ci ildən bu təşkilatın üzvü idilər. Təşkilatın "Hümmət" adlı qəzeti də nəşr edilmişdir (1904-1905-ci illər, cəmi 6 nömrə). Qəzetin əsas naşirlərindən biri də M.Ə.Rəsulzadə olmuşdur. Lakin hələlik onun bir nömrəsi də tapılmamışdır.
Bundan sonra qəzet öz nəşrini dayandırır, 1906-cı ilin dekabrından "Təkamül" adı ilə çıxır. Həmin illərdə Bakı neft mədənlərində və Azərbaycanın qəzalarına ana dilində inqilabi qəzet və intibahnamələrin göndərilməsi bilavasitə M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. 1907-ci il sentyabrın 29-da inqilabçı fəhlə Xanlar Səfərəliyevin Bibi-Heybətdə dəfn günü, onun qəbri üstündə keçirilən böyük yığıncaqda P.Caparidze, S.M.Əfəndiyev, İ.V.Stalin ilə birlikdə M.Ə.Rəsulzadə də alovlu nitq söyləmişdir. Onu da qeyd etmək lazımdır ki, M.Ə.Rəsulzadə əsrimizin əvvəllərindən başlayaraq 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İ.Stalinlə çox səmimi və yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər. Özünü hadisə yerinə çatdıran M.Ə.Rəsulzadə Stalini ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli surətdə qaçırılmasının da təşkilatçısı olmuşdur. 1954-cü ildə, İstanbulda çıxan "Dünya" qəzeti M.Ə.Rəsulzadənin "Stalin ilə inqilab" adlı silsilə xatirə-məqaləsini çap etdirmişdir. O, həmin yazıda da bu barədə söhbət açır. ("Dünya" qəzeti, 23 may 1954-cü il). M.Ə.Rəsulzadənin həmin dövrdə Əli bəy Hüseynzadənin (1864-1941) redaktor olduğu "Fyuzat", həmçinin Əhməd bəy Ağayevin (1869-1939) redaktorluğu ilə çıxan "İrşad" və "Tərəqqi" qəzetlərində müxtəlif mövzularda məqalələri və şeirləri çap olunmuşdur. Müəyyən müddət o "İrşad" qəzetinin müvəqqəti redaktoru da olmuşdur. 1907-ci ildə çapdan çıxmış gələcəyin böyük bəstəkarı Üzeyir Hacıbəyovun (1885-1948) "Türk-rus və rus-türk lüğəti" kitabının naşiri M.Ə.Rəsulzadə olmuşdur. Yenə də həmin ildə o, A.Blyumun "Fəhlə sinfinə hansı azadlıq lazımdır (Xalq nümayəndəliyi haqqında)" kitabını Azərbaycan dilinə təcümə edib və "Təkamül" qəzeti redaksiyası adından Orucov qardaşlarının mətbəəsində çap etdirmişdir. Həmin dövrlərdə bolşeviklərin Rusiya imperiyasının sərhədlərini saxlamaqla və yalnız sinfi ziddiyyətləri aradan qaldırmaq uğrunda mübarizə apardıqlarını hiss eləyən M.Ə.Rəsulzadə RSDFP-nin sıralarından uzaqlaşdı. O, rus müstəmləkə üsul-idarəsinə qarşı Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qurmağa başladı. 1908-ci il dekabrın 5-də Məhəmməd Əminin "Qaranlıqda işıqlar" pyesi tamaşaya qoyuldu. Pyesin ana xəttini milli oyanış və istiqlal hərəkatının təbliği təşkil edirdi. O, özünün bu əsəri ilə "Azərbaycana muxtariyyət" şüarı fikrini yaymağa başlamış və rus çarizm üsul-idarəsi istibdadını yıxmağa çağırırdı. Onun bu pyesi Azərbaycanda milli-istiqlal hərəkatı ilə tam bağlı olan ilk dram əsəridir. Bu əsərdən başqa M.Ə.Rəsulzadənin həmin ildə yazdığı "Nagəhan bəla" adlı pyesi də vardır.
Azərbaycan Demokratik Respublikası hökumətinin təşkil olunması
1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şürası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şüranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, xalqımız öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır, onun da dünyada müstəqil surətdə yaşayan xalqlar kimi öz etnoqrafik sərhədləri daxilində azad yaşamağa hüququ var. Bitərəf Fətəlixan İsgəndər oğlu Xoyskinin (1875-1920) başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türkdilli xalqlar arasında, həmçinin, bütün islam aləmində ilk dəfə olaraq respublika üsul-idarəsinə qədəm qoydu. İyunun 17-də Azərbaycan milli şürasının iclasında M.Ə.Rəsulzadə öz alovlu nitqində deyirdi: "Dünya müharibəsi və Rusiya inqilabının təsiri ilə yeni doğulmuş və həyat siyasətinə ilk qədəm basmış olan Azərbaycan qayəsi əhatə olunmaz mühüm dəqiqələr keçirir. Bu yeni türk nüzad siyasəti rişə və buluğ bulub da millətlər zümrəsinə vəsail-həyat olaraq girə biləcək, yoxsa sısqa cocuq kimi südəmər halında tərki-həyat edəcəkdir? İştə bütün zehinləri işğal edən bir məsələ! İştə bir zaman ki, müqəddərat milliliyi əllərinə alanlar üçün Azərbaycan nüzadini tələf etdirməmək kimi müşkül, fəqət müşküllüyü ilə bərabər şərəfli bir vəzifə və məsuliyyət tərtib ediyor" ("Azərbaycan" qəzeti, No41, 1918-ci il).
M.Ə.Rəsulzadə özünün bu alovlu nitqində hələ birinci dünya müharibəsi ərəfəsində "Dirilik" jurnalı səhifələrində qaldırdığı və sonralar isə 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında yenidən ortalığa atılan "Azərbaycan qayəsi"ndən söhbət açır. Təəssüf ki, bir sıra görkəmli inqilabçıların əsərlərində 1918-ci il mayın 28-nə kimi, yəni Azərbaycan istiqlaliyyəti elan olunana qədər, bu torpağın Azərbaycan adlandırılması barədə, bu xalqın Azərbaycan xalqı olduğu barədə bir kəlmə də yoxdur. Onlar əsas bir məsələni unutmuşlar ki, rus xalqı müstəmləkə xalq deyildi. Onlar yalnız sinfi zidiyyətləri aradan qaldırmaq uğrunda mübarizə aparırdılar. Amma Azərbaycan müstəmləkə idi və hətta ölkənin adı belə xəritələrdən silinmişdi. Müstəmləkə olan bir ölkədə isə ancaq milli azadlıq hərəkatından söhbət gedə bilərdi. Azərbaycan xalqı qarşısında ancaq müstəmləkədən azad olub, öz müstəqil milli dövlətini yaratmaq məsələsi dayanırdı. Bu çətin vəzifəni M.Ə.Rəsulzadənin rəhbərliyi altında qabaqcıl Azərbaycan ziyalıları o dövrdə öz üzərlərinə götürdülər. 1918-ci il dekabrın 7-də Azərbaycan parlamentinin təntənəli açılışında M.Ə.Rəsulzadə demişdir: "Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – "Azərbaycan muxariyyəti"ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq.
Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. "Müsavat" partiyası birinci olaraq Azərbaycanın müstəqilliyi bayrağını yüksəyə qaldırmışdır.
Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!" ("Azərbaycan" (rusca) qəzeti, No59, 13 dekabr 1918-ci il). Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi "Bakı şəhərində universitetin əsasının qoyulması" adlı xatirə oçerkində yazır: "M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə "Müsavat" partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar, biz öz tərəfimizdə artıq iki partiyaya malik idik, "Müsavat" və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi" (Bakı Dövlət Universitetinin xəbərləri, No2, 1922-ci il). 1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, "1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanı"nda oxuyuruq ki, M.Ə.Rəsulzadə "Tarixi-filologiya fakültəsində "Osmanlı ədəbiyyatı tarixi"ndən dərs demişdir. Azərbaycan istiqlalının ildönümü ilə əlaqədar olaraq 1919-cu ildə Bakıda bircə nömrəsi çap olunmuş, lakin geniş oxucu kütləsinə çatdırılmamış "İstiqlal" jurnalında M.Ə.Rəsulzadənin "Azərbaycan respublikası" adlı əsəri işıq üzü görmüşdür.
Fəaliyyəti
1902-ci ildə "Müsəlman Gənclik Təşkilatı"nı yaradıb.
1903-cü ildə ilk məqaləsi "Şərqi-Rus" qəzetində çap edilib. Elə həmin il rəhbəri olduğu Azərbaycanlı Gənc İnqılabçılar Komitəsini qurub.
1906-cı ildə "Təkamül" proqramını yazıb.
1907-ci ilin sonlarında siyasi fəaliyyətinə görə təqib olunub.
1908-ci ildə İranda çalışıb (1908 - 1911), Səttarxan hərəkatında yaxından iştirak edib.
1910-cu ildə İran Demokrat Partiyasını yaradıb.
1911-ci ildə Rusiya səfirliyinin tələbi ilə İrandan qovulub.
1911-1913-cü illərdə İstanbul Türk Ocağında çalışıb və Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Ziya Göyalp ilə birgə "Türk yurdu" dərgisində maraqlı məqalələrlə çıxış edib.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi əfvdən sonra Bakıya qayıdıb və siyasi fəaliyyətlə məşğul olub.
1917-ci ildə Müsavat Partiyasının başqanı olub.
1918-ci il, may ayının 28-də Azərbaycan İstiqlal Bəyannaməsi elan olunandan sonra Azərbaycan Milli Şurasının sədri seçilib. ADR-i (Azərbaycan Demokratik Respublikasını - Müsəlman Şərinqdə ilk demokratik dövlət) qurub.
1919-cu ildə Bakı Dövlət Universitetini yaradıb və burada Osmanlı Ədəbiyyatı Tarixindən dərs deyib.
1920-ci il 27 aprel işğalından sonra həbs edilib, Moskvaya aparılıb, bir müddət orada yaşayıb, az sonra Müsavat Partiyasının tapşırığı ilə Leninqrada gedərək, oradan Finlandiya, daha sonra Türkiyə ərazisinə keçib.
1922-ci ildən başlayaraq mühacirət həyatı yaşayıb. Müxtəlif illərdə Türkiyədə, Polşada, Almaniyada, Rumıniyada Azərbaycanın istiqlalı uğrunda mübarizəsini davam etdirib.
1923-cü ildə İstanbula qayıdıb.
1937-ci ildə Sovet rejimi oğlu Rəsulu güllələyib, ailəsini Qazaxıstana sürgün edib.
1938-ci ildə Polşada (1938-1940);
1940-cı ildə Rumıniyada olub (1940-1943)
1947-ci ildə Ankaraya dönüb.
1952-ci ildə Ankarada "Azərbaycan" dərgisini yaradıb.
1955-ci il mart ayının 6-da Ankarada dünyasını dəyişib və Ankara Əsri qəbristanlığında dəfn edilib.
Əsərləri
1910 - "E'tidaliyyun" Partisinin Tenkiti, Tehran,(fars dilində),
1911 - Seadeti-Beşer, Ardebil (fars dilində)
1912 - Acı bir həyat, Bakı
1917 - Şekli-İdare Hakkında İki Bakış (Ahmetbey Salikov'la birlikte), Moskva
1917 - Bizə hansı hökümət yararlıdır. Bakı
1923 - Azərbaycan Cumhuriyeti Keyfiyet-i Teşekkülü ve İndiki Veziyyeti, İstanbul
1925 - Esrimizin Siyavuşu, İstanbul
1925 - İstiqlal Mefkuresi ve Gençlik
1928 - Kafkasya Türkleri, İstanbul
1927 - Azərbaycan Misak-ı Millisi
1928 - Milliyetçilik ve Bolşevizm
1930 - Kafkaz Problemi İle Elakedar Olarak Panturanizm, Paris (rus dilində)
1933 - Azerbaycan Cumhuriyeti Hakkında, Berlin (alman dilində)
1938 - Azerbaycan Problemi, Berlin (alman dilində)
1939 - Azerbaycan'ın Hürriyyet Savaşı, Varşava (polyak dilində)
1949 - Azerbaycan'ın Kültür Gelenekleri, Ankara
1950 - Çağdaş Azerbaycan Edebiyatı, Ankara
1951 - Çağdaş Azerbaycan Tarihi, Ankara
1951 - Azərbaycan şairi Nizami (Nizaminin 800 illik yubileyi (1141-1941) münasibətiylə) Ankara
1991 - Azərbaycan Cümhuriyyəti Tarixi. Bakı